Duzdağ Hoteldə 5 Dekabr – Beynəlxalq Könüllülər Gününün qeyd olunması münasibətilə tərtib olunan “Naxçıvan Könüllülərinin Birlik Həftəsi” layihəsinin yekun tədbiri - mükafatlandırma mərasimi təşkil olunub. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşan layihənin yekun tədbirində öncəki günlər ərzində keçirilən yarışmaların qalibləri və il ərzindəki könüllülük fəaliyyətinə görə fərqlənənlər təltif olunub, könüllü gənclər tərəfindən hazırlanmış konsert proqramı nümayiş etdirilib.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin aparat rəhbəri İlhamə Nəzərova və Gənclər Fondunun şöbə müdiri Arzu Qasımov əlamətdar günün tarixi, ölkəmizdə, eləcə də muxtar respublikada könüllülük hərəkatının inkişafı və qazanılan nailiyyətlələrdən bəhs edib, bu nəcib fəaliyyət növünün gənclərə, o cümlədən təmsil olunduqları təşkilatların fəaliyyətinə qatdığı dəyərdən danışıblar. Ölkəmizin gələcək inkişafı, öz karyeraları naminə fəaliyyətlərində könüllülərə tövsiyyə və arzularını ifadə edən natiqlər gəncləri təbrik edərək, uğur diləyiblər.
Sonra “Naxçıvan Könüllülərinin Birlik Həftəsi” çərçivəsində keçirilən yarışmaların qalibləri, ilin aktiv könüllüləri diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar. Tədbir könüllü gənclərdən ibarət heyətin təqdimatında konsert proqramı ilə tamamlanıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti